Skip to content

PTC – Paradoks terapiyası nədir? Azərbaycanda ilk tətbiq edən psixoloq

Paradoks terapiyası nədir?


Paradoks terapiyası (paradoksal psixoterapiya) psixologiyada maraqlı və qeyri‑adi klinik müdaxilə üsullarından biridir. Bu yanaşma adətən pasiyentin davranışlarını və simptomlarını dəyişdirmək üçün paradoksal təkliflərdən istifadə edir – məsələn, pasiyentin qorxduğu və ya çəkindiyi davranışı bilərək canlandırmağı təşviq edir.

Psixoloji ədəbiyyatda paradoks anlayışı və onun psixoterapiyada istifadəsi bir neçə tanınmış nəzəriyyəçilər tərəfindən istifadə olunmuşdur:

Alfred Adler (1923) – Adler paradoksal müdaxilələrin ilkin formalarını işləmişdir. O hesab edirdi ki, pasiyentin terapevtə qarşı müqaviməti düzgün şəkildə istifadə olunduqda bu, müalicənin effektini artıra bilər.

Knight Dunlap (1928) – Dunlap əvvəlki qeyri‑iradi vərdişlər üzərində könüllü nəzarət yaratmaq üçün “negative practice” adlı davranış metodunu inkişaf etdirmişdir.

Viktor Frankl (1939, sonrakı illər) – Frankl, logoterapiya çərçivəsində paradoksal intensiya (paradoxical intention) texnikasını inkişaf etdirmişdir ki, bu da pasiyenti qorxduğu simptomu bilə‑bilə ya artırmağa, ya da ona baxmağa təşviq edir.

Paul Watzlawick və həmkarları (1970‑ci illər) – Onlar strateji ailə terapiyası daxilində paradoksal müdaxilələri ailə üzvləri arasındakı qarşılıqlı təsirləri dəyişdirmək üçün istifadə edirdilər.

Daha sonra Milton Erickson, Jay Haley, Salvador Minuchin, Fritz Perls və başqaları da paradoksal yanaşmaları ailə terapiyası, strateji terapiya və digər psixoterapiya formaları daxilində fərqli şəkildə tətbiq etmişlər.

Bu alimlərin hər biri paradoksal müdaxilələri fərqli kontekstlərdə inkişaf etdiriblər, lakin ümumi məqsəd – pasiyentin simptom və davranışlarını müsbət şəkildə istifadə etməklə dərin davranış və düşüncə dəyişikliklərinə nail olmaqdır.

Paradoks Terapiyasının Tarixi

Paradoksal və paradoksal müdaxilələr psixoterapiya ədəbiyyatında müxtəlif nəzəri çərçivələrdə istifadə olunmuşdur. Paradoxical intention texnikası, yəni pasiyentin qorxduğu davranışı və ya fikri bilərəkdən etməsi ideyası, Viktor Frankl tərəfindən inkişaf etdirilmişdir (paradoksal niyyət).

Paradoksal metodların daha geniş şəkildə formalaşması strateji ailə terapiyası ilə bağlıdır. Paul Watzlawick, John Weakland və Richard Fisch kimi terapevtlər paradoksal müdaxilələri kommunikasiya və qarşılıqlı təsil modelində təsvir etmiş və sistemləşdirilmiş şəkildə tətbiq etmişlər.

1982-ci ildə Gerald R. Weeks və Luciano L’Abate tərəfindən nəşr olunmuş Paradoxical Psychotherapy: Theory & Practice with Individuals, Couples, and Families əsəri paradoksal terapiya yanaşmasının nəzəri və praktik tətbiqinin geniş şəkildə təqdim edildiyi bir iş kimi qəbul edilir.

Milton H. Erickson qısa terapiya və strateji müdaxilələrdə paradoksal yanaşmaların təsirli istifadəsini göstərmişdir.
Mara Selvini Palazzoli və Milan məktəbinin terapevtləri də ailə terapiyasında paradoksal strategiyaların tətbiqini inkişaf etdirmişlər.

Paradoksal müdaxilələr 1980-ci illərə qədər klinik praktikada nisbətən az istifadə olunurdu, lakin Paradoxical Psychotherapy kitabının nəşrindən sonra bu yanaşmaya göstərilən maraq artmağa başladı.

Paradoksal Zaman Ölçümü (PTC) Terapiyasının Tarixi

Paradoksal Zaman Ölçümü (PTC) modeli paradoksal psixoterapiya yanaşmalarına əsaslanan bir terapi üsuludur. Bu model Tehran Universitetinin Psixologiya fakültəsinin professoru Dr. Mohammad Ali Basharat tərəfindən uzun illər davam edən elmi və klinik araşdırmaların nəticəsi olaraq hazırlanmışdır.

Müəllifin öz elmi yazılarında qeyd etdiyinə görə, PTC modeli ilk dəfə Tehran Universitetinin Psixologiya Fakültəsinin klinikasında sınaqdan keçirilmişdir. Bu mərhələdə model narahatlıq pozuntuları, obsesiv-kompulsiv pozuntu və somatik simptomları olan könüllü pasiyentlər üzərində təxminən üç il ərzində eksperimental şəkildə tətbiq edilmiş və klinik baxımdan uğurlu nəticələr əldə olunmuşdur.

2001-ci ildən etibarən isə PTC modeli daha geniş klinik sahələrdə istifadə olunmağa başlanmışdır. Bu sahələrə şəxsiyyət pozuntuları, ailə və evlilik münaqişələri, ailədaxili problemlər, uşaqlıq və yeniyetməlik dövrü psixoloji pozuntuları, eləcə də müxtəlif cinsi pozuntular və psixoseksual çətinliklər daxildir.

Bu səbəbdən PTC modeli 25 ildən artıq klinik və tədqiqat təcrübəsinə əsaslanan bir terapi yanaşması kimi qiymətləndirilir. Metodun əsas prinsipi xəstəliyin dəqiq simptom və əlamətlərinə uyğun olaraq strukturlaşdırılmış terapiya proqramının reseptləşdirilməsi üzərində qurulmuşdur. Bununla yanaşı, ehtiyac yarandıqda terapiyanın effektivliyini artırmaq məqsədilə müxtəlif tamamlayıcı texnika və müdaxilələrdən də istifadə olunur.

Ptc terapiyasi
Professor Mohammad Ali Besharat -The University of Tehran

 

PTC ilə digər paradoksal terapiyalar arasındakı fərqlər

PTC (Paradoksal Zaman Ölçümü) psixoterapiya modeli ilə digər paradoksal terapiya üsulları arasındakı əsas fərqlər bir neçə sahədə toplanır:

  1. Sistematik və proqramlı yanaşma:
    PTC psixoterapiya modeli, eyni bir həkimin dərman resepti yazması və dərmanın müəyyən vaxtlarda qəbul edilməsini təyin etməsi kimi, pasiyentlərə dəqiq bir proqram çərçivəsində tapşırıqlar təqdim etməyi və bu tapşırıqları “reseptləşdirməyi” vurğulayır.

  2. Yaradıcı vs. strukturlaşdırılmış metod:
    Çoxsaylı digər paradoks terapiya üsulları adətən terapistin yaradıcılığına və klinik intuisiyasına əsaslanır. Buna qarşı, PTC modeli tamamilə sistematik və strukturlu terapiya modelidir.

  3. Öz-özünə yetərlilik və əsas terapiya olması:
    PTC modeli tamamilə öz-özünə yetərli bir yanaşmadır; bu o deməkdir ki, bu terapiya başqa psixoterapiya texnikalarına ehtiyac olmadan, təkbaşına effektiv və güclü bir müalicə vasitəsi kimi tətbiq oluna bilir.
    Digər paradoksal terapiyalar isə əksər hallarda yan alət və tamamlayıcı üsul kimi istifadə olunur. Yəni bir çox psixoterapiya yanaşmalarında paradoksal və yarı-paradoksal texnikalar bəzi xəstəliklərin müalicəsində tətbiq edilə bilər, amma heç birində paradoksal terapiya müalicənin əsas fəlsəfəsi və təməli kimi qəbul edilmir.

 

PTC Terapiyası ilə Tanışlığım: Bir Elmi Yolun Başlanğıcı

Paradoksal terapiyalara marağım uzun illərdir davam edən elmi axtarışlarımın təbii nəticəsi idi. Müqavimət, zaman, emosional təkrar və simptomun özünün terapevtik alətə çevrilməsi ideyası məni xüsusilə cəlb edirdi. Məhz bu axtarış mərhələsində Tehran Universitetinin professoru, klinik psixologiya sahəsində tanınmış alim Dr. Mohammad Ali Basharatın işləri ilə tanış oldum.

PTC (Paradoksal Zaman Ölçümü) modeli ilə ilk tanışlığım nəzəri səviyyədə başladı. Lakin daha sonra Professor Basharatın rəhbərliyi altında bu modelin strukturunu, fəlsəfəsini və klinik tətbiq mexanizmini daha dərindən öyrənmək imkanım oldu. Onun dərslərində və elmi müzakirələrində diqqətimi çəkən əsas məqam PTC-nin digər müdaxilələrdən fərqli olaraq tam sistematik və proqramlaşdırılmış model olması idi. Burada paradoks təsadüfi və yaradıcı müdaxilə deyil, dəqiq reseptləşdirilmiş zaman-struktur müdaxilə mexanizmi kimi təqdim olunurdu.

Modelin klinik əsaslandırılması, xüsusilə narahatlıq pozuntuları, obsesiv-kompulsiv simptomlar, depressiya və şəxsiyyət problemləri üzərində aparılmış tətbiqlər mənim üçün nəzəriyyədən praktikaya keçidin ən mühüm mərhələsi oldu. Bu yanaşmanın simptomu birbaşa hədəf almaq əvəzinə, onu zaman çərçivəsində yenidən strukturlaşdıraraq tənzimləməsi PTC-ni fərqli edən əsas xüsusiyyət idi.

PTC terapiyanın nəzəriyyə müəllifi tərəfindən Azərbaycan və Türkiyə ərazisində bu terapiya modelini tətbiq və tədris etmək üçün rəsmi icazə (lisenziya) verilmiş yeganə mütəxəssisəm. Bu səlahiyyət birbaşa nəzəriyyə sahibinin təsdiqi ilə təqdim edilmişdir və metodun orijinal strukturuna uyğun şəkildə qorunaraq tətbiqini təmin edir.

Eyni zamanda, PTC modelini Azərbaycanda elmi əsaslarla təqdim edən və sistemli şəkildə tədris edən ilk psixoloqlardan biri olmuşam. Bu fəaliyyət yalnız metodun tanıdılması ilə məhdudlaşmamışdır. Əsas məqsədim strukturlaşdırılmış, sübuta əsaslanan və klinik praktikada tətbiq edilə bilən bu modeli yerli psixoloji və mədəni kontekstə uyğunlaşdırmaqdır. Eyni zamanda praktik effektivliyini qoruyaraq peşəkar mühitə inteqrasiya etmək olmuşdur.

PTC yanaşmasının tətbiqində metodoloji dəqiqlik, nəzəri çərçivəyə sadiqlik və etik standartlara uyğunluq əsas prinsip kimi qorunur. Tədris proqramları və klinik tətbiqlər modelin orijinal fəlsəfəsi və struktur mexanizmi əsasında həyata keçirilir.

Bu gün PTC terapiyası mənim üçün sadəcə bir metod deyil. Zamanın, müqavimətin və simptomun yenidən mənalandırılması üzərindən qurulan elmi bir sistemdir. Bu sistem həm klinik praktikada, həm də tədris fəaliyyətimdə əsas istiqamətlərdən birini təşkil edir.

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!


Şərh əlavə edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ÜZV OL