Bugün müasir psixologiyada insanın həyatda uğur və nailiyyətləri üçün, sağlam və yaxşı ictimai münasibətləri üçün, bir sözlə xoşbəxtlik və səadəti üçün vacib sayılan ən böyük amil “Özgüvən, Özünə hörmət və Özünüdərk” mövzusudur.
Bu qədər əhəmiyyətli bir mövzunu nə ailələrimiz nə də məktəb və ali-təhsil müəssisələrimizdə bizlərə öyrətmirlər.
Çoxumuz özgüvən və özünə hörmət arasında fərqi belə bilmirik. Əgər kimsə bizdən indi bu iki anlayış arasındakı fərqi müəyyənləşdirməyimizi istəsə, yəqin ki, cavab verə bilməyəcəyik.
Aşağıdakı videoda Aqil Əhmədin geniş izahına baxın. Şəkilə tıklayın.
Özünə hörmət nə deməkdir? Sadə və dəqiq tərif!
Özünə hörmət daxili dəyər hissi deməkdir. Bu inam, insanın özdəyər və ləyaqətini dərk etməsinə, özünü qiymətli və hörmətə layiq görməsinə kömək edir.
Əslində, “Esteem” sözü daha çox dəyər və hörmətlə bağlıdır. Biz özünə hörmətdən danışarkən, insanın özünü dəyərli və hörmətli hesab etməsi və dəyər və hörmətə layiq olduğuna inanmasını nəzərdə tuturuq.
Təbii ki, bu dəyər təkcə şəxsə xas deyil, çünki özünə hörməti olan insanı, başqalarını da dəyərli və hörmətə layiq hesab edir.
Özünə hörmət, insanı münasibətlərində sərhədlər qoymağa, cəsarətli olmağa və vaxtında “yox” deyə bilməyə kömək edir. Əslində, özünə hörmət hər hansı bir sağlam münasibətin əsas nüvəsidir. Əgər özümüzü dəyərli hiss etmiriksə, təbii olaraq başqalarının bizim hüquqlarımızı pozmasına, bizə hörmətsizlik etməsinə və şəxsi sərhədlərimizi keçməsinə asanlıqla icazə veririk. Digər tərəfdən, başqalarının da dəyərinə fikir verməsək, özümüzə asanlıqla onların hüquqlarını tapdalamaq, onlara hörmətsizlik etmək hüququ vermiş oluruq.
Gördüyünüz kimi, özünə hörmət daha çox özümüzə və başqalarına hörmət və dəyər verməklə əlaqəli olub bizə yaxşı və sağlam münasibətlər qurmağa kömək edir.
Özgüvən nədir?
Özünə güvən (Self Confidence) öz qabiliyyətlərimizə və bacarıqlarımıza inanmaq deməkdir. Özgüvən hər şeydən çox (Self efficacy) özünü effektivlik hissi ilə əlaqəli olub, insana öz işini görmək üçün kifayət qədər bacarıqlı və qabiliyyətli görməyə kömək edir.
Özünə güvənlə bağlı bir az daha dəqiq yazmaq istəyirəmsə, deməliyəm ki, özünə güvənin iki əsas qanadı var.
- Birinci qanad qabiliyyətdir. Əslində özümüzə güvənmək üçün xüsusi bacarıqlara ehtiyacımız var.
- İkinci qanad isə inamdır. Biz əvvəlcə hansısa sahədə bacarıqlı olmalıyıq, sonra bu bacarıqlarımıza inanıb, əmin olub etibar etməliyik.
Sonuc olaraq, qabiliyyət və qabiliyyətə olan inamın birləşməsi bizdə özünə güvən yaratmağa kömək edir. Əgər bu ikisi bir araya gəlməsə, o sahədə yalançı özgüvənin yaranması riski var ki, bu da bizə zərər verə bilər.
“Xüsusi sahə və ya mövzu” sözünü ona görə istifadə edirəm ki, özünə güvən mütləq və sabit xüsusiyyət deyil; Əksinə, vəziyyətdən çox təsirlənir. Yəni, ola bilir ki, biz bir sahədə tam bacarıqlı və özgüvənli, digər sahələrdə isə tamamilə özgüvənsiz olaq. Məsələn, mən ana dilimdə danışmaq üçün kifayət qədər özümə inamım var, amma xarici bir dildə danışmaq üçün qorxu və narahatlıqla doluyam və özümə inamım çox azdır. (vəya müxtəlif misallar)
Buna görə də unutmaq olmaz ki, özünə güvən mütləq və əhatəli bir xüsusiyyət deyil və müxtəlif vəziyyətlərdə kəskin şəkildə dəyişə bilir.
Özgüvən və özünə hörmət arasındakı fərq nədir?
Özünə hörmətin əsası dəyərdir, özünə güvənin əsası isə səriştədir.
Özünə hörmət və özünə güvən arasındakı fərq- Yəqin ki, indiyə qədər verilən təriflərə baxaraq özgüvən və özünə hörmət arasındakı fərqi başa düşmüsünüz. Ümumiyyətlə, özünə hörmət və özünə güvən bir yerdə ola bilər, lakin onların varlığına və yoxluğuna mütləq olaraq ehtiyac yoxdur. Bu iki anlayışı başa düşmək üçün bu hissədə özünə güvən və özünə hörmət arasındakı iki mühüm fərqi bir az daha ətraflı izah edəcəm:
- Özünə hörmətin əsası dəyər və özgüvənin əsası, qabiliyyətdir.
Özünə hörmət dəyər və hörmətlə bağlıdır. Əslində, özünə hörmət dəyər və hörmətə inamdır, özünə güvən isə qabiliyyət və bacarıqlara inamdır. Özünə hörmət dedikdə, insanın ilk növbədə özünü, sonra isə başqalarını dəyərli və hörmətə layiq görməsi nəzərdə tutulur. Amma biz özgüvəndən danışanda o deməkdir ki, insan özünü müəyyən sahədə bacarıqlı və yetərli hesab edir.
- Özünəhörmət ümumi və əhatəli emosiyalardır, özgüvən isə situasiya yönümlü dəyişən hisslərdir.
Özümüzə hörmət haqqında danışarkən, biz dəyərli olduğumuza dair ümumi bir hissi nəzərdə tuturuq. Güclü və zəif tərəflərimizə baxmayaraq özümüzü (necə varıqsa) belə qəbul edirik və zəif cəhətlərimizə baxmayaraq özümüzü hörmətə və dəyərə layiq görürük.
Amma biz özünə güvən dedikdə, müəyyən sahədə bacarıqlı olmağı və bu qabiliyyətə inanıb güvənməyi nəzərdə tuturuq. Təbii ki, heç bir insan bütün sahələrdə özünə güvəni yüksək ola bilməz, çünki heç bir insanın bütün sahələrdə kifayət qədər bacarıq və səriştəsi yoxdur və onun qabiliyyəti bir neçə konkret sahə ilə məhdudlaşır. Ancaq insan ümumiyyətlə bütün münasibətlərində yüksək özünə hörməti olmalı və vəziyyətdən, şəraitdən asılı olmayaraq həmişə hörmətini və dəyərini üstün tuta bilməlidir.
Özünə hörmət, yoxsa özünə güvən daha vacibdir?
Özünə hörmətlə özünə güvənin fərqini bildirdikdən sonra bu sual sizdə yarana bilər ki, özgüvən, yoxsa özünə hörmət daha vacibdir?
Əslində bu suala qısa olaraq cavab vermək mümkün deyil, çünki ümumiyyətlə humanitar elmlərdə qəti cavab vermək düzgün deyil. Ancaq aşağıdakı izahatlarla anlaya bilərik ki, özünə hörmət daha sabit və əsas vasitədir.
Özünüdərk və özünə hörmətin, özgüvəndən daha önəmli olduğunu demək istəməyimin birinci səbəbi odur ki, özünə hörmət əsas xüsusiyyətdir və dəyər hissimizi ifadə edir, amma özünə güvən hər hansı bir işdə ola bilər, olmaya da bilər!
Bu o deməkdir ki, insanın özünə hörməti yüksək olub, hər hansısa bacarıqlarda zəif ola bilər, amma eyni adam bir şeydən arxayındır ki, istədiyi hər bir bacarığı öyrənib, o sahədə mahir ola bilər! Çünki, özünüzə hörmətiniz varsa, şübhəsiz ki, məşq edərək və öyrənərək özgüvəni artırmaq üçün özünüzdə bu dəyər hissini görə bilərsiniz.
Özgüvən və özünə hörmət oxşardırmı?
Bu yazıda biz özgüvən və özünə hörmət arasındakı fərq haqqında ətraflı danışdıq. Bunların oxşarlıqları haqqında qısa məlumat vermək də yerinə düşər.
- Bir sıra nəzəriyyə sahibi olan psixoloqlar bu iki məfhumu bir mövzu kimi istifadə edirlər.
- Həm özünə hörmət, həm də özünə güvən ətrafımızdakı insanlarla çox əlaqəsi var.
- Özünə güvən və özünə hörmət həm arta, həm də azala bilər.
- Özünə inam və özünə hörmət bir-biri ilə əlaqəlidir.
Son söz
Bu yazıda biz özünə güvən və özünə hörmət arasındakı fərqi ətraflı müzakirə etdik. Ümumiyyətlə, özünə hörmət, münasibətlərimizin müxtəlif aspektlərinə təsir edən dəyərimiz haqqında ümumi və hərtərəfli hissdir.
Özünə güvən, daha çox qabiliyyət və bacarıqla əlaqəli vəziyyətə yönəlmiş bir hissdir.
Məqalənin əvvəlində qeyd etdiyim kimi, bu mövzu hər bir insanın həyatında, səadət və xoşbəxtliyi yaşamasında o qədər vacib məsələdir ki, uğur üçün lazım olan bütün amillərdən daha önəmli, daha mühüm hesab olunur. Öz həyatına, arzu və istəklərinə dəyər verən, öyrənmək, dəyişmək və sağlam inkişaf etmək istəyən dostlar üçün, Allahın lütfü və izni ilə “özünüdərk- özünəinam və özünə hörmət mövzusunda 9 həftəlik təlim praqramı hazırladıq. Bu təlim praqramın ilk növbədə qanunu şəkildə saytımızdan əldə edib öyrənməklə, daha sonra əməl etməklə əminliklə deyə bilərəm ki siz yenidən dunyaya gəlmiş insan kimi, keçmişinizlə heç bir bənzərliyi olmayan daha güclü, daha qətiyyətli və cəsarətli sağlam bir insan olacaqsınız.

Hələ şərh yoxdur, şərhinizi aşağıya əlavə edin!